en | ru

Azərbaycanın subtropik zonası

Azərbaycanın subtropik zonası ölkənin cənubunda yerləşir və Talış dağları ilə Xəzər dənizinin arasındakı çökəkliyi əhatə edir. Bu diyar çox gözəl təbiəti, nadir, bəzən də unikal flora və faunası ilə məhşurdur. Kifayət qədər kompakt ərazidə çoxlu sayda təbiət guşələrinin yerləşməsi daim turistlərin diqqətini cəlb edir: dağlar, meşələr, dəniz, göl, dağ çayları, bulaqlar və isti su mənbələri. Çoxlu yağış və bərəkətli torpaq növbənöv, eyni zamandada bol məhsulun olmasını təmin edir.

Lənkəran ov, balıq tutmaq və göbələk həvəskarlarının sevdiyi yerdir. Burada ancaq kitablarda gördüyümüz nadir göbələk növlərinə hələ də rast gəlmək mümkündür.

Bölgənin inzibati mərkəzi Lənkəran şəhəridir. Şəhər Xəzər dənizinin sahilində, Bakıdan 270 km cənubda yerləşir.

İqlim

Lənkəran düzənliyi cənub və cənub-qərbdən yayla ilə, şərqdən iqlimi xeyli nəmləşdirən Xəzər dənizi, şimaldan isə Kür-Araz çökəkliyi ilə əhatə olunub. Bu cür iqlim müxtəlifliyi yerli təbiəti daha da gözəlləşdirir və bu diyara bir az da füsünkarlıq verir. Burada adətən yay quru, qış isə mülayim keçir. Yaz və payız ayları bol yağışlı olur. Yanvar ayında orta temperatur +5, iyulda isə +24,5 olur. Çimərlik mövsümü iyundan sentyabra qədər davam edir.

Memarlıq abidələri

Bellabur (Bəzz) Qalası
Lənkəran şəhərindən 9 km cənub-qərbdə, Qurunba kəndi yaxınlığında yerləşir. Qalada yaşayış məskənlərinə çəkilən, gildən düzəldilmiş su boru sisteminin qalıqları aşkar edilib. Qaladakı tapıntılar 9-11-ci əsrlərdə Bellaburla Bizans və digər qonşu dövlətlər arasında ticarət əlaqələrinin olduğunu göstərir. Tapıntılar arasında Bizansa məxsus mis və qızıl sikkələr var. Bir sıra alimlərin fikrincə, Bellabur qalası 830-cu illərdə Babəkin sığınacağı olub. Bir zamanlar Xürrəmilərin sığındığı Bellabur qalası, bizim günlərdə bölgənin ən qiymətli tarixi abidələrindən biri hesab olunur.

"Nəhənglərin qəbiristanlığı"
Bellabur kəndində yerləşir. Hər qəbrin üstünə 5-8 tonluq daşların nə vaxt, necə və kim tərəfindən qoyulduğunu təsəvvür etmək çox çətindir. Burada belə qəbirlərin sayı isə 1000-ə çatır.

"Kinon Qala" Qalası
Talış dağlarındakı Yuxarı Nüvədi kəndinin arxasında yerləşir. Əfsanəyə görə, Xürrəmi hərəkatının geniş vüsət aldığı 9-cu əsrdə yerli başçıların və sərkərdələrin qızları və həyat yoldaşları bu qalada düşməndən gizlənirlərmiş.

Lənkəran Qalası
1726-27-ci illərdə tikilib. Sonradan qala ingilis və fransız memarlarının köməyilə düzbucaqlı formasında bərpa edilib. Təxminən 35 hektar ərazidə yerləşən qala ölçülərinə görə, Bakı qalasından da böyük olub. Təəssüflər olsun ki, bu günümüzə qədər Qalanın ancaq iki qülləsi gəlib çıxıb.

Şəhərin digər iki məhşur tikilisi - Mayak və keçmiş həbsxananın Lənkəran qalası ilə bir vaxtda tikildiyi güman edilir. Bu tikililər müharibələr vaxtı çox mühüm müdafiə xarakteri daşıyıblar. Sonralar müharibə zamanı kompleksin binalarından birinin yuxarısında minarə və işıqlandırıcı fənər tikilib. O, gündən bina mayak rolunu oynamağa başlayıb. Hündürlüyü 33,4 metrdir.

Talış xanı Mirəhmədin sarayı

Bu gözəl memarlıq abidəsi milli memarlıq elementlərindən də istifadə edilməklə, fransız memarları tərəfindən 1913-cü ildə "elektrik" üslubunda tikilib.

Tirist zonaları

Meşələrin, şəlalələrin, çayların, mənzərəli landşaftların, şəfalı bulaqların, qumlu dəniz sahilinin, əlverişli iqlim şəraitinin olması bu bölgəni turizm üçün əvəzedilməz edir.

Lənkəranın isti bulaqları hələ qədimdən məhşurdur. Onların müalicəvi əhəmiyyəti 14-cü əsrdə müəyyən edilib. Turbaza və istisu müalicə sağlamlıq sanatoriyası Lənkəran-Lerik avtomobil yolunun yaxınlığında, rayon mərkəzindən 12 km qərbdə, Talış dağlarının ətəyində yerləşir. İsti meşə suyunun kimyəvi tərkibi, müalicəvi əhəmiyyəti Soçinin dünyaca məşhur "Matsestra" kurortundan geri qalmır.

"Xavzava" isti mineral suyu Lənkəran-Boradıgah-Masallı dəmiryolunun yaxınlığında, rayon mərkəzindən 13 km qərbdə, Talış dağlarının ətəyində yerləşir. Bu bulağın suyundan dəri xəstəliklərinin sağaldılması üçün hələ 18-19-cu əsrlərdə istifadə edirdilər. Müasir dövrdə burada müalicə-sağlamlıq kompleksi fəaliyyət göstərir. Tərkibində hidrogen sulfatı olan bulağın kükürdlü isti suyu dəri xəstəliklərinin müalicəsi üçün xeyrlidir.

"İsti İbadi" bulağı Lənkəran-Lerik magistral xəttində, rayon mərkəzindən 15 km qərbdə yerləşir. Burada suyun temperaturu +42 dərəcəyə çatır.

Xanbulançay su hövzəsi Lənkəran-Astara magistral xəttində, Düzdərə çayının vadisində yerləşir. Öz gözəlliyinə və Azərbaycanın digər məşhur gölu ilə oxşarlığına görə, onu "Göy-Gölün kiçik bacısı" adlandırırlar. "Xanbulan" su hövzəsinin tikintisi 1962-1976-cı illərdə aparılıb.

Lənkəran zonasının meşələri digərlərindən öz qədim və ancaq bu bölgəyə məxsus ağac növləri, müxtəlif qoruqları ilə fərqlənir. Girkan və Qızılağac qoruqları bütün dünyada tanınır. Burada siz məşhur dəmir ağacını görə bilərsiniz. Bundan əlavə burada palıd, fıstıq, vələs kimi qiymətli ağac növləri ilə yanaşı, müxtəlif meyvə ağacları da bitir. Ümumi sahəsi 88 min hektar olan Qızılağac qoruğu Lənkəranın şimal-qərbində, rayon mərkəzindən 30 km şimal-qərbdə yerləşir. Qoruq Sarı yarımadasındakı körfəzdən başlayır. Bura bizim ölkənin ən gözəl təbiət guşələrindən biridir. Girkan qoruğu bir sıra qədim ağacların qorunduğu nadir təbiət muzeyidir.

Adət, ənənələr və bayramlar

Lənkəranın coğrafi mövqeyinin xüsusiyyətləri, yerli əhalinin adət ənənələrinin qədimliyini və müxtəlifliyini müəyyən edir. Turistlərin diqqətini xüsusilə cəlb edən isə Lənkəranın rəqslərlə, mahnı oxumaqla və digər rəngarəng mərasimlərlə müşayət olunan, bir neçə hissədən ibarət ənənəvi toylarıdır.

Sözsüz ki, yerli əhali tərəfindən ən təntənəli qeyd olunan və sevilən bayram - Novruzdur. Bu bayram yeni ilin gəlişi kimi qeyd edilir. Sonuncu çərşənbə həyətlərdə 7 tonqal qalanır və evin sakinləri odun üstündən atlanırlar. Evlərdə xonça bəzənir və ailənin üzvlərinin sayına görə şam yandırılır. Masanın üzərinə xonça, dadlı Lənkəran yeməkləri və səməni qoyulur.

Lənkəran xörəkləri

Azərbaycan mətbəxinin ayrılmaz tərkib hissəsi olmasına baxmayaraq, Lənkəran mətbəxi bəzi sirrləri və reseptləri ilə fərqlənir.

Azərbaycanda 100-dən çox plov növü mövcuddur. Lənkəran mətbəxi isə aşağıdakılarla məhşurdur: daşma-plov, çilov, çina-plov, süzmə-plov, mərcimək plovu, paxla-plov, balqabaq-plov, südlü aş, tərək-şirin plov, firni və s.

Lənkəranda dada biləcəyiniz bəzi xörək adları:

Ət, toyuq, balıq və quş ətindən olan xörəklər: taskabab, ləvəngi, sırdağ, qorabiç, murquturş, musanma, fisincan, mütəlcəm, döymə, qiymə badımcan, şamı və s.

Xəmir xörəkləri: xəşil, quymaq, əriştə, düşbərə, umac.

Tərəvəz yeməkləri: tərə, kükü, nümrü, badımcan sırdağı.

Şirniyyatlar: halva, umac halvası, səməni halvası, kurabiyə, bamiyə, şor çörək, əmir badam, bişi, qalet, peşmək, eyirdək, şəkərbura, paxlava, qəndi kuka, rahatlukum.